Baş səhifə  arrow Yeniliklər arrow “Yırtıcı” jurnalların aşkarlanması məsələləri müzakirə olundu
“Yırtıcı” jurnalların aşkarlanması məsələləri müzakirə olundu Print
   19 Aprel 2019, saat 05:31
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik, Rasim Əliquliyev seminarın müasir dövrdə böyük aktuallıq kəsb edən “yırtıcı” jurnalların aşkarlanması məsələlərinə həsr olunduğunu bildirdi. Son zamanlar dünyada “yırtıcı” jurnalların sayının artdığını bildirən akademik R.Əliquliyev bu kimi jurnalların avtomatik aşkarlanması üçün intellektual sistemin isşlənilməsinin xüsusi əhəmiyyətə malik olduğunu söylədi. Alim institutda bu istiqamətdə işlərin görüldüyünü qeyd edərək qurumda Antiplagiat Qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

Daha sonra institutun əməkdaşları Rəhilə HəsənovaFirudin Əsgərovun həmmüəllifi olduqları məruzəni R.Həsənova təqdim edərək jurnalların yaranma tarixi barədə məlumat verdi, “Journal des sçavans” adlı tarixdə ilk elmi jurnalın 1665-ci ildə Fransada nəşr olunduğunu bildirdi. O, həmin ildən bu günədək jurnalların ölkələr və dillər üzrə paylanması reytinqini və “Elmi jurnalların reytinqi” (SJR) bazasında məqalələrin illər üzrə reytinqini təqdim etdi.

Məruzəçi 1975-ci ildə dünyada ilk impakt faktor almış “Journal of Experimental Medicine” jurnalı haqqında danışaraq onun impakt faktorunun 11.874-ə bərabər olduğunu diqqətə çatdırdı. O, həmçinin “CA: A Cancer Journal for Clinicians” jurnalının dünyada ən yüksək – 187.040 impakt faktora malik olduğunu dedi.

R.Həsənova kitabxanaçı Cefri Bilin (Jeffrey Beall) təqdim etdiyi “yırtıcı” jurnal və nəşriyyatların siyahısını və saxta qiymətləndirmə indekslərini diqqətə çatdırdı. O, 2009-2018-ci illər üzrə “Scopus” elmi bazasından çıxarılmış “yırtıcı” jurnalları təqdim edərək bildirdi ki, 2016-cı ildən bu bazadan 188 “yırtıcı” jurnal çıxarılmışdır.

R.Həsənova dünyanın ən nəhəng “yırtıcı” nəşriyyatlarından biri olan OMICS barədə məlumat verərək bu nəşriyyatın 700 elmi jurnal nəşr etdiyini və hər il 1000-dən çox elmi konfrans təşkil etdiyini bildirdi. O, həmçinin “yırtıcı” jurnallardan qorunma üsullarını nəzərə çatdırdı. Bildirdi ki, jurnalın saytında əlaqə məlumatlarının və redaksiya ünvanın mövcud olmaması, akademik bazada əks olunmaması, eləcə də redaksiya heyəti barədə məlumatın olmaması bu jurnalın “yırtıcı” olması ehtimalını artırır.

Sonda məruzəçi “Yırtıcı” jurnalları avtomatik təyin edən “antiyırtıcı” sistemin konsepsiyasını təqdim etdi və onun iş prinsipini diqqətə çatdırdı. Bildirdi ki, bu sistemdə qeyd olunan tələbləri ödəyən jurnallar “yırtıcı” jurnallar hesab olunmur.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, institutun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və s. iştirak etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.