Baş səhifə  arrow Yeniliklər arrow 
İnstitutda “Nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar keçirildi Print
   10 Aprel 2019, saat 06:09
Image
Məlum olduğu kimi, Bakıda aprelin 8-dən etibarən “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), BNTİ (Rusiya) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə baş tutan seminarın növbəti seksiyası aprelin 10-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov tədbirin əhəmiyyətini qeyd edərək, onun elmə verəcəyi töhfələrdən danışdı. Seminarın ölkələrimiz arasında elm sahəsində əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacağını qeyd etdi.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qonaqları AMEA rəhbərliyi adından salamladı, institutda Big Data analitikası, bulud hesablamaları və digər istiqamətlərdə aparılan elmi tədqiqatlardan söz açdı.

R.Əliquliyev rəhbərlik etdiyi qurumun Avropanın elm-təhsil infrastrukturuna inteqrasiyası istiqamətində görülən işlərdən bəhs edərək institutun AzScienceNet elm-kompüter şəbəkəsinin Avropanın elm və təhsil şəbəkəsi olan GEANT-a üzv olduğunu və milli operator funksiyasını yerinə yetirdiyini bildirdi. Şəbəkənin İnternetə çıxış sürətinin 3 Gb/san-ə çatdırıldığını qeyd edən R.Əliquliyev böyük hesablama gücü tələb edən mürəkkəb məsələlərin həlli üçün AzScienceNet-in geniş imkanlara malik olduğunu vurğuladı.

Seminarın “Data Science” istiqamətinə həsr olunmasının əhəmiyyətindən danışan institut direktoru bu kimi seminarların keçirilməsinin mövcud problemlərin müzakirəsi baxımından zəruriliyini bildirdi.

BNTİ-nin direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Mixail İtkis nüvə elminin beynəlxalq tədqiqat mərkəzi olan BNTİ-nin nəzəri və eksperimental tədqiqatlarının əsas istiqamətləri haqqında məlumat verdi. İnstitutun nüvə fizikası, elementar hissəcik fizikası və maddənin qatılaşdırılmış vəziyyətinin tədqiqi üzrə dünyanın bir çox ölkələrinin elmi mərkəz və universitetləri ilə əməkdaşlıq əlaqələri qurduğunu, “Böyük Adron Kollayderi” layihəsində iştirak etdiyini diqqətə çatdırdı.

Daha sonra BNTİ-nin İnformasiya texnologiyaları laboratoriyasının direktoru Vladimir Korenkov “Paylanmış hesablamalar və Big Data analitikasının inkişaf istiqamətləri. Beynəlxalq “Data Science” İT məktəbi” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi informasiya texnologiyaları sahəsində baş verən ən son yeniliklərə dair aparılan araşdırmalardan söz açaraq grid, bulud, superkompüter və Big Data texnologiyaları sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdı.

O, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) məlumatların toplanması və arxivləşdirilməsi üsulları, Big Data analitikası, Big Data-nın idarə olunması üçün paylanmış hesablamalar üzrə texnologiyaların inteqrasiyası, rəhbərlik etdiyi laboratoriyanın fəaliyyət istiqamətləri və İT infrastrukturu, eləcə də, “GOVORUN” superkompüteri, BNTİ-yə üzv dövlət təşkilatlarının bulud resurslarının inteqrasiyası, BNTİ-nin “verilənlər gölü”, təşkilatın İnformasiya Texnologiyaları və Elmi Hesablamalar Strategiyası və s. haqqında ətraflı məlumat verdi.

V.Korenkov beynəlxalq “Data Science” İT məktəbinin iş prinsipi, burada həyata keçirilən layihələrdən danışaraq məktəbin əsas məqsədinin Big Data analitikasının köməyi ilə nəzəri və praktiki problemləri müəyyən edə və həll edə bilən “Data Science” üzrə yüksəkixtisaslı İT mütəxəssislərinin hazırlanması olduğunu bildirdi.

Məruzəçi bu məktəbdə treninqlər keçən təşkilatların tələbələrinin İT istiqaməti üzrə perspektivlərindən söz açdı, BNTİ-nin İnformasiya texnologiyaları laboratoriyasının Azərbaycanın elmi mərkəzləri və universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişafından danışdı.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təkliflər səsləndirildi.

Sonra institutun direktoru, akademik Rasim Əliquliyev, direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdirləri, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, ADA Universiteti, Bakı Dövlət Universiteti və BNTİ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Görüşdə BNTİ ilə əməkdaşlıq əlaqələrinin inkişafı, kadr və təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıldı.

Görüşdə Big Data analitikasına dair birgə layihələrin həyata keçirilməsi, bu layihələrin AzScienceNet-in inkişafına yaratdığı imkanlar müzakirə olundu. BNTİ nümayəndələri akademiya əməkdaşlarının bu elmi qurumla yaxından tanış olması və orada təcrübə keçməsi üçün dəstək verməyə hazır olduqlarını bildirdilər.

Qeyd edək ki, seminarın sonuncu seksiyası aprelin 11-də Fizika İnstitutunda keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.