Baş səhifə  arrow Yeniliklər arrow İnstitutda “Xantaro” şirkətinin nümayəndələri ilə görüş keçirildi
İnstitutda “Xantaro” şirkətinin nümayəndələri ilə görüş keçirildi Print
   28 Mart 2019, saat 03:40
Image
İnformasiya Texnologiyaları İnstitutunda “Xantaro” şirkətinin nümayəndələri – müştərilərlə iş üzrə direktor Simon Emery və həll arxitektoru Rob Heath ilə görüş keçirildi. Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Babək Nəbiyev və baş mütəxəssisi Tural Mustafayev iştirak edirdilər. Görüşün keçirilməsində əsas məqsəd institut və “Xantaro” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması və AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi məsələlərinin müzakirəsi idi.

Akademik R.Əliquliyev qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətləri, AzScienceNet elm kompüter şəbəkəsi və onun Data Mərkəzinin imkanları barədə ətraflı məlumat verdi. R.Əliquliyev AzScienceNet-in AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli, çoxsaylı İnternet xidmətləri göstərməklə GEANT-ın (Avropa elm və təhsil şəbəkəsi) üzvü kimi elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirdiyini bildirdi.

R.Əliquliyev qeyd etdi ki, AzScienceNet Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional İnternet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün həyata keçirilən EaPConnect (Eastern Partnership Connect) layihəsində ölkəmizi təmsil edir.

Daha sonra çıxış edən S.Emery və R.Heath “Xantaro” şirkətinin fəaliyyət istiqamətləri, şəbəkə infrastrukturunun genişləndirilməsi sahəsində beynəlxalq təcrübə haqqında məlumat verdilər, bu sahədə görülən işləri nəzərə çatdırdılar. Qonaqlar AzScienceNet-in əməkdaşlarının şəbəkəyə quraşdırılacaq yeni avadanlıqlardan sərbəst istifadəsini təmin etmək üçün Almaniyada yerləşən laboratoriyada treninqlərin keçirilməsinin mümkün olduğunu qeyd etdilər.

Akademik R.Əliquliyev “Xantaro” şirkətinin dəstəyi ilə şəbəkələşmə və kibertəhlükəsizlik üzrə həllər təklif edən “Juniper” şirkətinin avadanlıqlarının AzScienceNet-ə quraşdırılmasının əhəmiyyətindən danışdı. Həmçinin qeyd etdi ki, bu avadanlıqlar AR Təhsil Nazirliyinin AzEduNet şəbəkəsinin daha sürətli İnternetlə təmin olunması və dünyanın nüfuzlu elmi bazalarına çıxışın həyata keçirilməsinə imkan verəcək.

R.Əliquliyev AzScienceNet şəbəkəsinin mütəxəssislərinə şirkət nümayəndələrinin şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunması sahəsində təcrübəsindən yararlanmağı tövsiyə etdi.

Sonda AzScienceNet şəbəkəsinə yeni avadanlıqların quraşdırılması zamanı yarana biləcək texniki problemlərin aradan qaldırılmasına dəstək və təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

Görüş çərçivəsində qonaqlar, həmçinin AzScienceNet şəbəkəsi və Data Mərkəz ilə yaxından tanış oldular, onlara mərkəzin texniki imkanları barədə ətraflı məlumat verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.