Baş səhifə  arrow Yeniliklər arrow Jestlərin tanınması metodları analiz olunub
Jestlərin tanınması metodları analiz olunub Print
   01 Mart 2019, saat 03:12
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Jestlərin tanınması metodlarının analizi” mövzusunda məruzə dinlənildi. Məruzəni institutun baş mütəxəssisi Kəmalə Qurbanova təqdim edərək jest (işarə) dilinin tətbiq sahələri, növləri, müasir vəziyyəti və daktil əlifba barədə ətraflı məlumat verdi. Məruzəçinin sözlərinə görə, jestlərin kombinasiyasından hazırlanmış müstəqil dil olan jest dilinin yaranma kökləri uzaq keçmişə bağlıdır. Qeyd etdi ki, Ümumdünya Karlar Federasiyasının məlumatına əsasən, dünyada yalnız jest dilində ünsiyyət saxlayan təxminən 72 milyon eşitmə və nitq əngəlli insan yaşayır. Azərbaycanda isə, onların sayı 10 mini ötür.

K.Qurbanova informasiyanın verbal və qeyri-verbal ünsiyyət vasitəsilə ötürüldüyünü bildirdi və informasiyanın qeyri-verbal ötürülməsi problemlərini öyrənən elm sahələrindən, qeyri-verbal semiotika növlərindən, statik və dinamik jestlərdən, eləcə də əlin müxtəlif vəziyyəti ilə hərflərin canlandırılmasını nəzərdə tutan daktil əlifbanın imkanlarından söz açdı. Məruzəçi jestlərin avtomatik tanınması sistemlərindən bəhs edərək şifahi danışığı jestə çevirən və jesti səsə və ya mətnə çevirən sistemlərin mövcud olduğunu söylədi.

O, həmçinin jestlərin tanınma prosesinin mərhələlərini diqqətə çatdırdı və jestlərin qeyd edilməsi texnologiyaları, onların üstünlükləri və çatışmazlıqlarından danışdı. Jestərin qeyd edilməsinin skelet, 3D və 2D metodları, eləcə də markerlər əsasında jestin tanınması metodu, təsadüfi meşə, süni neyron şəbəkə, əl barmaqlarının proyeksiyası, qabarıq həndəsənin tətbiqi ilə əlin konturlarının analizi və s. metodlar haqqında ətraflı məlumat verdi.

K.Qurbanova jest dilinin avtomatik tərcüməsində əlin hərəkətinin tanınması alqoritminin blok-sxemini təqdim etdi, jestin tanınmasının “Fingual”, “Kinect”, “WebGL”, “SignWriting”, “HamNoSys” sistemləri və bu sistemlərin iş prinsipi barədə məlumat verdi. Bildirdi ki, jestlərin tanınması texnologiyalarının gələcəkdə sistemlərin və qadjetlərin idarə edilməsi, sterillik tələbləri zamanı tibbi avadanlığın idarə edilməsi, eləcə də eşitmə və nitq qüsuru olan insanların dilinin kompüter vasitəsilə tanınması zamanı istifadəsi nəzərdə tutulur.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək İKT-nin imkanlarından yararlanaraq dünyada eşitmə qüsuru olan insanların həyat şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətdə rolunun və təhsil imkanlarının artırılması üçün kompleks tədbirlərin görülməsinin əhəmiyyətindən söz açdı. Bildirdi ki, eşitmə qüsurlu insanların həyatını asanlaşdırmaq məqsədilə jestlərin tanınması metodlarının və proqram təminatının köməyi ilə bu prosesin avtomatlaşdırılmasının həyata keçirilməsi böyük səmərə verə bilər. Alim, həmçinin bütün ölkələrin jest dillərinin kəsişməsindən yaranan vahid, beynəlxalq jest dilinin hazırlanmasının zəruriliyindən danışdı.

R.Əliquliyev, həmçinin qeyd etdi ki, bu sahədə mövcud problemlərin aşkarlanması, bu problemlərin həllinə dəstək verilməsi və problemlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində işlər görülməlidir.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və digərləri iştirak edərək sual və təkliflərini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.