Baş səhifə  arrow Yeniliklər arrow 
“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi reallaşdırılır Print
   01 Mart 2019, saat 12:57
Image
Martın 1-də Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” (Tİİ) layihəsinin açılış konfransı keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, Prezident İlham Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini bildirib. O, son illər Azərbaycanın ali təhsil sistemində mühüm islahatların aparıldığını, tədqiqat, ixtira və innovasiyayönümlü layihələrə dəstək verildiyini qeyd edib.

F.Qurbanov bildirib ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində müvafiq sahələr üzrə tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin ali təhsil sistemində Tİİ üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas çıxış edərək Azərbaycan ilə təmsil etdiyi qurum arasında əməkdaşlığın müxtəlif sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla davam etdirildiyini bildirib. O, layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiyayönümlü yeni mexanizmlərin yaradılması olduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elm və təhsil sahəsində son illərdə aparılan islahatlar, Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

“Azərbaycanın milli qanunvericiliyi innovasiya fəaliyyəti üçün geniş imkanlar yaradır” – deyən alim “Elm haqqında” qanunun qəbulunun təhsildə elmi nailiyyətlərdən istifadə imkanlarını genişləndirdiyini vurğulayıb. O, 2020-ci ilin aprel ayına kimi davam edəcək layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev layihənin Azərbaycanda ali təhsil sisteminin inkişafına yönəldiyini, eyni zamanda Avropa İttifaqının ölkəmizə dəstəyini özündə ehtiva etdiyini bildirib. Alim “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi barədə fikirlərini bölüşərək, onun beynəlxalq təcrübə əldə etmək baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d. Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə elm və biznesin inteqrasiyası, elmin kommersiyalaşdırılması istiqamətində mühüm tədbirlərin görüldüyünü, innovasiyaların gücləndirilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atıldığını bildirib. N.Şükürov layihənin Azərbaycan elm və təhsil sahəsində rolunu yüksək qiymətləndirib, onun həyata keçirilməsi yönündə rəhbərlik etdiyi qurumun dəstək göstərməyə hazır olduğunu bildirib.

Sonda layihənin icrası ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.