Baş səhifə  arrow Yeniliklər arrow 
İnstitutda Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələri ilə görüş keçirildi Print
   28 Fevral 2019, saat 03:35
Image
AMEA prezidenti, akademik Akif Əlizadənin “SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi haqqında” 24 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin tələbələrinin AMEA İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçmələri nəzərdə tutulmuşdur. Bu məqsədlə institutda BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin SABAH qruplarında “Kompüter elmləri” ixtisası üzrə təhsil alan və hazırda institutda elmi-tədqiqat təcrübəsi keçən III kurs tələbələri ilə görüş keçirildi.

Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, institutun elmi katibi Mədinə Səidova, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iştirak edirdi.

Öncə akademik R.Əliquliyev çıxış edərək institutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Qurumda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirildiyini diqqətə çatdırdı.

R.Əliquliyev AMEA-da elm və təhsilin inteqrasiyası istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirərək Azərbaycan elminin innovativ inkişafına xidmət edən magistratura təhsil pilləsinin son illər akademiyanın elmi müəssisələrində, o cümlədən institutda təşkil olunmasının gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını qeyd etdi. AMEA-da təhsil alan magistrantların tədqiqatçı-magistr kimi formalaşdığını söyləyən alim institutun magistrantlarının hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

“İnstitutun əsas istiqamətlərindən biri intellektual gənclərin yetişdirilməsidir”, – deyə bildirən akademik tələbələrə institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə etdi və onların gələcəkdə işlə təmin olunma imkanlarının mövcud olduğunu diqqətə çatdırdı.

Daha sonra tələbələr təhkim olunduqları şöbələrdə veb-texnologiyalar, text mining, data science, Big Data və digər istiqamətlərdə apardıqları araşdırmalar və əldə etdikləri təcrübə haqqında məlumat verdilər.

İnstitut direktoru tələbələri maraqlandıran sualları cavablandırdı, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Görüş zamanı, həmçinin 2018/2019-cu tədris ili üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunun doktorantura pilləsində təhsil almaq istəyən iddiaçıların dissertasiya mövzuları ətrafında müzakirələr aparıldı və tövsiyələr verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.