Baş səhifə  arrow Yeniliklər arrow İnstitutun şöbə müdiri Fəxri Fərmanla təltif edilib
İnstitutun şöbə müdiri Fəxri Fərmanla təltif edilib Print
   27 Fevral 2019, saat 04:19
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayevin informasiya texnologiyaları sahəsinin inkişafında uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyəti nəzərə alınaraq institutun Fəxri Fərmanı ilə təltif olunub.

Fərmanı yubilyara təqdim edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev B.Ağayevin yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söyləyib.

Bikəs Ağayev Ç.İldırım adına Politexnik İnstitutunun “Avtomatika və telemexanika” fakültəsini bitirib. Təyinatla Kibernetika İnstitutu yanında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində əmək fəaliyyətinə başlayan B.Ağayev texnik, mühəndis, sektor müdiri, layihənin baş mühəndisi vəzifələrində işləyib. 1995-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır.

B.Ağayev “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Audioinformasiyanın paylanmış emalı sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə jeton identifikasiya sistemlərinin arxitektur-sxemotexnik yaradılma prinsipləri işlənib və tətbiq edilib, müxtəlif tip rabitə kanalları ilə ötürülən səs siqnallarının analiz və emal prinsipləri tədqiq edilib. Bununla yanaşı, audioinformasiyanın çoxkanallı rəqəmsal uçotu və qeydiyyatı vasitələrinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənilib və bu prinsiplər əsasında hazırlanmış qurğular mərkəzləşdirilmiş dispetçerləşdirmə sistemlərində və “Call-center”lərdə operator-kliyent danışıqlarının və ekran fayllarının arxivləşdirilməsi məqsədilə tətbiq edilib.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

B.Ağayev hazırda Azərbaycanda elektron tullantıların idarə edilməsinin prinsip və konseptual əsaslarının işlənməsi və Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi problemləri üzrə tədqiqat işləri aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.