Baş səhifə  arrow Yeniliklər arrow 
Elektron inklüziv tədris mühitində adaptiv texnologiyaların tətbiqi məsələləri tədqiq olunur Print
   31 Yanvar 2019, saat 03:28
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti kimi “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron inklüziv tədris mühitində adaptiv texnologiyaların tətbiqi və adaptiv texnologiyaların istifadəsi ilə tədris materialların mənimsəməsinə nəzarət üzrə metod və alqoritmlərin işlənilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, elektron təhsildə LMS kontentinin idarə edilməsi, elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi, universitetlərdə elektron təhsilin keyfiyyətinin idarə edilməsi, bulud texnologiyası əsasında inklüziv təhsil kontentlərinin formalaşması, eləcə də elektron təhsil mühitinin intelektuallaşdırması üzrə metodların işlənməsi də bu istiqamətdə yerinə yetiriləcək tədqiqatlar sırasındadır.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan məruzəçi bu istiqamətdə yeni qrant layihələri və müsabiqələrdə iştirak ediləcəyini diqqətə çatdırıb.

F.Ağayev, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə “Magisrantlar üçün test məsələləri” (rus dilində) kitabının nəşri nəzərdə tutulur.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim elektron təhsil mühitinin formalaşması məsələlərinin dərindən araşdırılmasının, dünyada bu sahədə beynəlxalq təcrübənin və yeni yanaşmaların tədqiqinin, o cümlədən mövcud vəziyyətin öyrənilməsinin vacibliyini qeyd edib.

Fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.