Baş səhifə  arrow Yeniliklər arrow 
Akademik Rasim Əliquliyev: “E-kitabxana Mərkəzinin fəaliyyətinin daha da intellektuallaşdırılması zəruridir” Print
   30 Yanvar 2019, saat 05:04
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun elmi katibi, E-kitabxana Mərkəzinin rəhbəri Mədinə Səidova mərkəzin 2019-cu il üzrə fəaliyyət planını təqdim etdi. Mərkəzin komplektləşdirmə, kataloqlaşdırma, yırtıcı jurnalların və nəşriyyatların təyin edilməsi, antiplagiat xidməti və institutun elmi əsərlərinə DOI nömrələrinin verilməsi kimi funksiyalar icra etdiyini qeyd etdi. Məruzəçi “Alephino” idarəetmə sistemində toplanan resursların say bölgüsünü, institut əməkdaşlarının elmi əsərlərinin 2018-ci il ərzində İnformasiya Texnologiyaları İnstitutu üçün alınmış və yenilənmiş DOI nömrələr ilə bağlı statistikanı, eləcə də yırtıcı və oğurlanmış jurnallarla bağlı müraciətləri diqqətə çatdırdı.

O, cari ildə İntellektual İnformasiya Xidməti sistemində “Konfranslar” bölməsinin fəaliyyətinin bərpa olunacağını, “Yeni nəşrlər” bölməsinin yaradılacağını, institut əməkdaşlarının elmi fəaliyyətini qiymətləndirmək üçün antiplagiat xidmətinin təşkil ediləcəyini diqqətə çatdırdı.

M.Səidova 2019-cu ildə keçiriləcək “Elmmetriya” interaktiv seminarı haqqında məlumat verdi. Seminarlarda “Yırtıcı və oğurlanmış jurnalların aşkarlanması”, “Kopernio.com saytının imkanları”, “Plagiatlığın aşkarlanması və bununla mübarizə xidmətləri”, “Google Scholar: qeydiyyatdan keçmə və istifadə qaydaları” və “Vebometriya: beynəlxalq təcrübə, elmi müəssisə və təşkilatların saytlarının vahid standarta gətirilməsi qaydaları” mövzularında məruzələrin dinlənilməsinin nəzərdə tutulduğunu bildirdi.

Şöbənin elmi fəaliyyətinə dair fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik ölkədə vahid elektron kitabxanaların formalaşmasının milli vahid informasiya məkanın inkişafında mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək elektron kitabxanaların bütün ictimaiyyətə açıq olmasının, E-kitabxana Mərkəzinin fəaliyyətinin daha da intellektuallaşdırılmasının zəruriliyini vurğuladı. Alim milli elektron kitabxana resursları, ölkədə və dünyada bu sahədə mövcud vəziyyət, problemlərin tədqiqi və onların həlli yollarının araşdırılmasının vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.