Baş səhifə  arrow Yeniliklər arrow 
İnformasiya iqtisadiyyatının inklüzivlik səviyyəsinin və innovativ perspektivlərinin qiymətləndirilməsi məsələləri araşdırılır Print
   30 Yanvar 2019, saat 04:16
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin 2019-cu il üçün fəaliyyət planını təqdim etdi. O, cari ildə informasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi istiqaməti üzrə elmi-tədqiqat işlərinin yerinə yetiriləcəyini bildirdi. Ə.Əliyevin sözlərinə görə, bu istiqamət üzrə “Dayanıqlı informasiya iqtisadiyyatı inkişafının təminində yaşıl və inklüziv texnologiyalarının tətbiqi məsələləri və həll istiqamətləri” və “İnformasiya və bilik iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsi”, “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə model və metodların işlənilməsi” mövzularında araşdırmaların aparılması və cari ildə iki dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.

Ə.Əliyev bildirdi ki, qeyd olunan tədqiqat istiqamətləri üzrə yaşıl iqtisadi inkişaf indikatorları və indekslərinin işlənilməsi, cəmiyyətin inklüziv inkişafı problemlərinin araşdırılması, inklüziv iqtisadi inkişaf indikatorları və indekslərinin işlənilməsi, informasiya və biliklər iqtisadiyyatının və onun sektorlarının formalaşmasının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, İKT sektorunun rəqabətqabiliyyətli perspektiv inkişaf potensialının formalaşması xüsusiyyətlərinin və istiqamətlərinin və bəzi müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarəolunması problemlərinin araşdırılması planlaşdırılır. O, həmçinin informasiya və biliklər iqtisadiyyatının ölçülməsi üzrə çoxsəviyyəli indikatorlar və indekslər sistemlərinin işlənilməsi, virtual iqtisadiyyat, onun sektorlarının və strukturlarının formalaşması problemlərinin araşdırılması, regional-sektorial aspektdə informasiya və biliklər iqtisadiyyatının formalaşma və inkişaf səviyyəsinin qiymətləndirilməsi metodikasının işlənilməsinin cari ildə aparılacaq tədqiqat istiqamətləri sırasında olduğunu vurğuladı.

Məruzəçi bunlarla yanaşı, informasiya və biliklər iqtisadiyyatının innovativ perspektivinin qiymətləndirilməsi metodikasının və innovativ layihələrin bəzi səmərəlilik göstəriciləri və kriteriyaları əsasında qiymətləndirilməsi metodunun işləniləcəyini, innovasiya texnoparklarının fəaliyyətinin qiymətləndirilməsinin çoxsəviyyəli indikatorlar sisteminin və effektiv təşkili üzrə informasiya təminatının arxitektur-texnoloji modelinin işləniləcəyini dedi.

Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edərək bu istiqamətdə institutun innovativ fəaliyyəti ilə bağlı bəzi xarici və respublika daxili təşkilat və müəssisələrlə əlaqələrin qurulması işlərində iştirak, “İnformasiya iqtisadiyyatının formalaşması: problemlər, vəzifələr və perspektivlər” mövzusunda respublika multidisiplinar elmi-praktiki konfransının keçirilməsi ilə əlaqədar müvafiq ilkin hazırlıq işlərinin aparılması, AR Prezidenti yanında Elmin İnkişafı Fondu və AR Dövlət Neft Şirkətinin Elm Fonduna informasiya və biliklər iqtisadiyyatının formalaşması, neft-qaz sahəsində innovasiya məhsulları istehsalı və elektron tullantıların idarə olunması problemləri ilə bağlı təqdim olunan qrant layihələrdə iştirakın həyata keçiriləcəyini söylədi.

Məruzəçi qeyd etdi ki, cari ildə dövlət proqramlarında informasiya iqtisadiyyatı və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında iştirak olunacaq. Həmçinin “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planında informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsində, rəqəmsal mühitə keçidlə bağlı işlərdə iştirak nəzərdə tutulur.

Ə.Əliyev 2018-ci ildə şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşrinin qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirdi.

Şöbə müdiri beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına dair görüləcək tədbirlərdən söz açaraq bu məqsədlə Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Texniki Universitetinin Texnoparkı, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Tbilisi Dövlət Universiteti və s. ilə əlaqələrin qurulmasının planlaşdırıldığını dedi.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbədə cəmiyyətin inklüziv inkişafı problemləri, inklüziv iqtisadi inkişaf indikatorları və indeksləri, yaşıl və inklüziv İKT-nin tətbiqi istiqamətləri, informasiya və biliklər iqtisadiyyatının qiymətləndirilməsi problemləri və digər istiqamətlərdə aparılan tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd etdi və bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini bildirdi.

Sonda fəaliyyət planı ətrafında fikir mübadiləsi aparıldı. Təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2019-cu il üçün fəaliyyət planı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.