Baş səhifə  arrow Yeniliklər arrow Akademik Rasim Əliquliyev: “Bakı elektron şəhərə çevrilməlidir”
Akademik Rasim Əliquliyev: “Bakı elektron şəhərə çevrilməlidir” Print
   22 Fevral 2019, saat 04:59
Image
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Səs İnformasiya Agentliyinə müsahibə verib.

- Rasim müəllim, dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet sahə olmaqla, daim diqqət və qayğı ilə əhatə edilib. Bu sahədə həyata keçirilən tədbirlər hansı nailiyyətləri verib?

- Bəli, bu gün dünya iqtisadiyyatının və onun milli seqmentlərinin inkişafının əsas hərəkətverici qüvvəsi İKT-dir. İqtisadiyyatın və bütövlükdə, cəmiyyət həyatının heç bir sahəsi İKT-nin effektli tətbiqi olmadan inkişaf edə və rəqabətədavamlı ola bilməz. Eyni zamanda, İKT sektorunun özü də müasir iqtisadiyyatın innovativ istiqamətinin – informasiya və biliklər iqtisadiyyatının əsasını təşkil edir. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dünyada gedən prosesləri uzaqgörənliklə qiymətləndirərək, İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan etmişdir. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib. Həmin konseptual sənədlərdə qeyd etdiyim sahələrin inkişafı üçün bir sıra hədəflər və vəzifələr müəyyənləşdirilib. Buna uyğun olaraq, ölkəmizdə informasiya cəmiyyətinin, elektron dövlətin, informasiya və biliklər iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı internet infrastrukturu inkişaf etdirilmiş, vətəndaşların təhlükəsiz, keyfiyyətli və ucuz internet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. Bunun nəticəsidir ki, artıq ölkə əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir. Bu da Azərbaycanda elektron xidmətlərin həcminin artmasına, vətəndaşların bu xidmətlərdən daha yaxşı istifadə etmələrinə gətirib çıxarır. Artıq vətəndaşlar bir sıra dövlət xidmətlərindən heç bir bürokratik əngəl, zaman və məkan problemi olmadan, rahat şəkildə istifadə edə bilirlər. “Bir pəncərə” prinsipinə əsaslanan “Elektron Hökumət” portalının fəaliyyəti, “ASAN Xidmət” modeli ölkəmizin bu sahədə uğurla həyata keçirilən və vətəndaş məmnunluğuna hədəflənən layihələrdir.

- Bildiyiniz kimi, 2018-ci il Azərbaycanda, bütün sahələrdə olduğu kimi, İKT sahəsində də uğurlarla yadda qaldı. “Azerspace-1” telekommunikasiya peykinin orbitə çıxarılmasından 5 il sonra, “Azerspace-2”-nin də orbitə buraxılması növbəti tarixi qələbəmiz oldu. Növbəti illərdə dünyanın kosmik klubunun üzvü olan və dünyanın kosmik sənayesində mövqelərini möhkəmləndirən Azərbaycanı hansı uğurlar gözləyir?

- Əlbəttə, Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzagörənliyindən və yüksək iqtisadi potensialdan xəbər verir. Bununla, ilk növbədə, Azərbaycan özünün telekommunikasiya xidmətlərinə dair ehtiyaclarını ödəyir, informasiya məkanının suverenliyini, təhlükəsizliyini daha etibarlı şəkildə qoruya bilir. Eyni zamanda, süni peyklərin xidmətlərindən istifadə etməklə, bir sıra iqtisadi məsələlərin effektli həlli üçün əvəzsiz imkanlar əldə edir. Lakin telekommunikasiya peyklərinin imkanları Azərbaycanın ehtiyaclarının ödənilməsi ilə məhdudlaşmır. Onların mövcud resursları və potensialı imkan verir ki, dünyanın bir sıra ölkələri üçün kommersiya xidmətləri göstərilsin. Hazırda düzgün planlaşdırılmış idarəetmə nəticəsində, bu imkanlardan səmərəli şəkildə istifadə edilir. Rəsmi statistik məlumatlar da bunu təsdiq edir. Həmin məlumatların analizi göstərir ki, Azərbaycanda kosmik sənayenin həcmi ilbəil sürətlə artmaqdadır. “Azərkosmos” tərəfindən güclü beynəlxalq rəqabət şəraitində xidmət ixracı üçün yeni bazarların axtarışı, müştərilərin cəlb edilməsi istiqmətində effektli addımlar atılmaqdadır.

Bundan başqa, artıq “Azərkosmos”da Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Həmin mərkəzdə kosmik sənaye texnologiyaları ilə bağlı ciddi tədqiqatlar aparılır. Burada aparılan tədqiqatların nəticəsi ölkəmizdə kosmik sənayenin, proqram mühəndisliyi sənayesinin, bütövlükdə, biliklər iqtisadiyyatının inkişafına mühüm töhfə ola bilər. Bütün bunlar, onu deməyə əsas verir ki, kosmik sənaye yaxın illərdə Azərbaycan iqtisadiyyatının ən mühüm sektorlarından birinə çevriləcək.

- Sürətlə inkişaf edən və yayılan İKT ölkəmizin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə İKT-dən istifadəyə əlverişli şəraitin yaradılması üçün daha hansı işlər görülür?

- Məlum olduğu kimi, əhalinin İKT-nin imkanlarından səmərəli istifadə edə bilməsi üç əsas faktordan asılıdır. Əhalinin bu imkanlarla təmin olunmasına “elektron vətəndaşın formalaşdırılması” da deyilir. Bu məsələlər Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair mövcud Milli Strategiyada da öz əksini tapıb. Birincisi, vətəndaşların yaşadığı, işlədiyi, təhsil aldığı, istirahət etdiyi və s. məkanlarda yüksək səviyyəli İKT, o cümlədən, internet infrastrukturu yaradılmalıdır. Azərbaycanda bu istiqamətdə bir sıra mühüm işlər həyata keçirilib və müvafiq işlər hazırda da davam etdirilir.

İkincisi, vətəndaşlar İKT vasitələrindən, o cümlədən İnternet, kompüter, smartfon və s. avadanlıqlarla təmin edilməlidir. Hazırda Azərbaycanının dövlət müəssisələrində, elm və təhsil sistemində, istehsal və xidmət sferalarında kompüterləşmə və internet təminatı səviyyəsi çox yüksəkdir. Bu göstəricilərə görə, ölkəmiz dünyada yüksək yerlərdən birini tutur. Eyni zamanda, Azərbaycanda ailələrin böyük əksəriyyətində internetə qoşulmuş kompüterlər və digər qurğular mövcuddur. Əhalinin mobil telefonlarla təminolma səviyyəsi isə 110%-dən çoxdur. Bu gün vətəndaşların böyük əksəriyyəti smartfonlardan istifadə edir. Bütün bunlar əhalinin maddi vəziyyətinin ilbəil yaxşılaşması ilə bağlıdır.

Üçüncüsü, vətəndaşlar İKT-dən səmərəli istifadə etmək üçün müvafiq bilik və bacarıqları, zəruri hallarda xarici dil biliklərinə malik olmalıdırlar. Bu gün ölkənin orta və ali təhsil sistemində İKT bilikləri tədris edilir. Bu sahədə biliklərin sürətlə yenilənməsi zərurəti ilə əlaqədar ən müxtəlif sahələrin mütəxəssislərini vaxtaşırı təkmilləşdirmə kurslarına cəlb edirlər. Vətəndaşların fərdi qaydada İKT biliklərini artırmaları üçün də ölkənin bütün bölgələrində əlyetərli olan ixtisaslaşmış tədris xidmətləri sektoru mövcuddur.

- Rasim müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən hədəflərdən irəli gələn hansı işlər həllini tapıb?

- Qeyd etdiyiniz hər iki sənəd Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, biliklər iqtisadiyyatının formalaşması, bötövlükdə, ölkəmizin tərəqqisi baxımından, çox mühüm sənədlərdir. Bu sənədlər dünyada gedən proseslərə, tendensiyalara, müasir beynəlxalq çağırışlara, standartlara cavab verən mühüm inkişaf konsepsiyalarıdır. Hər iki sənəddə nəzərdə tutulan bir sıra tədbirlərin 2020-ci ilin sonunda yekunlaşması nəzərdə tutulur. Lakin indiyə qədər müvafiq tədbirlər planları çərçivəsində, artıq bir sıra mühüm işlər görülmüşdür. Qeyd edim ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında 15 məsələdə AMEA həmicraçı kimi fəaliyyət göstərir.

Milli Strategiyada əsas istiqamətlərdən biri də milli elektron kontentin inkişaf etdirilməsidir. Bu istiqamətdə də bizim institutun fəal iştirakı ilə bir sıra işlər yerinə yetirilmişdir. O cümlədən, qlobal informasiya məkanında Azərbaycanla əlaqədar məlumatların, həqiqətlərin təbliği və yayılmasının genişləndirilməsi sahəsində bir sıra işlər görülmüşdür. Həmçinin, İnformasiya Texnologiyaları İnstitutu tərəfindən “Azərbaycan alimləri diasporu” informasiya sistemi yaradılaraq, istifadəyə verilmişdir. Bütövlükdə, Dövlət Proqramı çərçivəsində həyata keçirilən bütün tədbirlərə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən elmi dəstək verilir.

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində də bir sıra mühüm işlər yerinə yetirilmişdir. Müvafiq Tədbirlər Planının “Biznesin iştirakı ilə texnoloji tədrisin yenilənməsi” və “İKT sahəsində bilik və bacarıqların artırılması, təhsil sistemində İKT-dən istifadə” istiqamətləri üzrə yaradılan işçi qruplarının işində institutumuzun əməkdaşları yaxından iştirak etmiş və töhfələrini vermişlər.

- Bu gün Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsal arasındakı əlaqələrin genişləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğun aparılması üçün zəruri mexanizmlərin yaradılması istiqamətində hansı uğurlara nail olunub?

- Bəli, dövlətimizin postneft dövrü üçün əsas hədəflərindən biri informasiya və biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasıdır. Biliklər iqtisadiyyatının əsasında artıq təbii resurslar deyil, insan faktoru dayanır. Yəni biliklər iqtisadiyyatı, ilk növbədə, keyfiyyətli, rəqabətədavamlı, innovativ düşüncəli insan resurslarının yetişdirilməsini tələb edir. Son vaxtlar ölkəmizdə həyata keçirilən təhsil islahatları, təhsil müəssisələrinin maddi-texniki bazasının modernləşdirilməsi, yeni ixtisasların açılması, həmçinin, istedalı gənclərimizin seçilərək dünyanın qabaqcıl ali məktəblərinə təhsil almaq üçün göndərilmələri bu məqsədə xidmət edir. Əlbəttə ki, ölkəmizdə biliklər iqtisadiyyatının formalaşdırılmasında AMEA-nın da üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrə uyğun olaraq, AMEA-da bir sıra mühüm işlər həyata keçirilir. O cümlədən, ölkəmizin inkişaf hədəfləri, innovativ iqtisadiyyatın tələbləri nəzərə alınmaqla, elmi fəaliyyətin prioritet istiqamətləri müəyyən edilmişdir. Elmin infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının müasirləşdirilməsi, İKT üzrə təminatının gücləndirilməsi, elektron elmin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, ölkəmizdə innovativ biliklər iqtisadiyyatının formalaşdırılması məqsədi ilə, AMEA ilə dövlət qurumları, təhsil müəssisələri və biznes sektoru təmsilçiləri arasındakı əlaqələrin genişləndirilməsi üçün bir sıra birgə tədbirlər keçirilmiş, anlaşma memorandumları imzalanmışdır. Dövlət başçısının Sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyəti də Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına xidmət edir.

- Rasim müəllim, “Elektron Bakı” proqramı ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı.

- Məlum olduğu kimi, artıq IV sənaye inqilabının imkanlarından bütün sahələrdə geniş istifadə olunmağa başlanılmışdır. O cümlədən, elektron şəhərlərin formalaşdırılması texnologiyaları və materialları elektron şəhər layihələrində, şəhərsalmada, inşaat sahəsində geniş tətbiq olunur, beynəlxalq sərgilərdə tikinti materialları, memarlıq nümunələrinin üçölçülü çapı, smart-binaların, şəhərlərin kompüter modelləşdirilməsi ilə bağlı məhsullar nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, “Elektron Azərbaycan”ın qarşısında duran vəzifələr, bu istiqamətdə qəbul olunan dövlət proqramları uğurla həyata keçirilir. Artıq növbəti mərhələdə IV sənaye inqilabının səbəbkarı olan kiberfiziki sistemlər əsasında yeni, innovativ infrastruktur layihələrinin icra edilməsinə böyük tələbat və əlverişli şərait yaranmışdır. O cümlədən, “Elektron Azərbaycan”ın mühüm tərkib hissəsi olan “Elektron Bakı” proqramının işlənilməsinin və həyata keçirilməsinin vaxtı çatmışdır. Ümumiyyətlə, paytaxtımızın, eləcə də, Azərbaycanın digər şəhərlərinin elektron şəhərlərə çevrilməsi, ölkədə binaların və digər obyektlərin vahid şəbəkəyə qoşulması üçün müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssislər birgə fəaliyyət göstərməlidirlər.

“Elektron Bakı”nın formalaşdırılması üçün IV sənaye inqilabının imkanlarından səmərəli istifadə edilməlidir. Şəhərdəki müxtəlif infrastrukturlar haqqında sensorlar şəbəkəsi vasitəsi ilə toplanan məlumatların intellektual emalı və optimal idarəetmə qərarlarının qəbulunda Big-data analitikası texnologiyalarının imkanlarından bəhrələnmək məqsədəuyğundur. “Elektron Bakı” layihəsinin uğurla reallaşdırılması nəticəsində, şəhər təsərrüfatının idarə olunmasında resurslara qənaət edilə, insanların həyat şəraiti daha da yaxşılaşa, ətraf mühitə zərərli təsirlər minimallaşdırıla bilər. Belə bir innovativ, texnoloji mühitdə, həmçinin, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və eyni zamanda, qiymətlərinin aşağı salınmasına, cinayətkarlıq hallarının minimuma endirilməsinə, daha rahat alış-veriş imkanlarının təmin edilməsinə və yollardakı tıxacları aradan qaldırmağa nail olmaq olar.

sia.az