Baş səhifə  arrow Yeniliklər arrow Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri araşdırılacaq
Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri araşdırılacaq Print
   28 Yanvar 2019, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2019-cu il üçün fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev bildirdi ki, cari ildə rəhbərlik etdiyi şöbədə Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi istiqamətində akustik küy monitorinq şəbəkəsinin (AKMŞ) ətraf mühitin ekoloji monitorinq şəbəkəsinin tərkib hissəsi kimi rolu araşdırılacaq, akustik küy çirklənməsi və monitorinqi məsələlərinə aid beynəlxalq və milli qanunvericilik bazasının monitorinqi aparılacaq, AKMŞ-in arxitektur və təşkilati-idarəetmə strukturu üzrə problemlərin bir sıra aspektləri üzrə araşdırmalar davam etdiriləcək.

Şöbə müdiri qeyd etdi ki, cari ildə “Elektron tullantılar (ET) problemlərinin analizi və onların həlli yolları” mövzusunda tədqiqatların aparılması planlaşdırılır. Bu məqsədlə, ET və onların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı problemlər araşdırılacaq, ET idarəçiliyi üzrə dünya təcrübəsi, eləcə də Azərbaycanda mövcud vəziyyətin monitorinqi və Avropa İttifaqı ilə müqayisəli analizi aparılacaq. Bununla yanaşı, ET-nin müasir idarəetmə modelləri əsaslandırılacaq və Azərbaycanda ET idarəetmə sisteminin yaradılması üzrə təkliflər işlənəcək.

B.Ağayevin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində yeni qrant layihələrinin hazırlanması və müsabiqələrdə iştirak, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi planlaşdırılır.

Məruzəçi elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda iştirak, Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda məqalələrin nəşri və innovativ layihələrin КİV-də təbliği, İKT üzrə gənc kadrların hazırlanması və s. ilə bağlı görüləcək işlərdən də danışdı.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. ET və onların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı problemlər üzrə aparılan tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.