Baş səhifə  arrow Yeniliklər arrow 
Gənclərin elmi fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması istiqamətində tədbirlər görülür Print
   14 Fevral 2019, saat 04:58
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. Fəaliyyət planını institutun böyük elmi işçisi, şuranın sədri Nərmin Adıgözəlova təqdim etdi. O, gənc elmi işçilərin sayı, 2018-ci ildə respublika və xaricdə çap olunan məqalə və konfrans materialları barədə məlumat verdi.

Şura sədri ötən ildə institutun gənc alimlərinin yerli və beynəlxalq elmi tədbirlərdə iştirak etdiyini, KİV-də çıxışlar etdiyini bildirdi.

N.Adıgözəlova cari il ərzində nəzərdə tutulan işlər barədə məlumat verdi. Qeyd etdi ki, gənclərin elmi fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması istiqamətində onların intellektual inkişafına və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələr icra olunacaq, eləcə də beynəlxalq olimpiada, konfrans, forum, seminar və məşğələlər təşkil ediləcək. Məruzəçi, institutun gənc tədqiqatçılarının təcrübə mübadiləsi proqramlarında iştirakına dəstək göstəriləcəyini, bir sıra qrant layihələrin hazırlanmasında iştirak edəcəklərini vurğuladı.

O, həmçinin gənclərin ictimai və mədəni fəaliyyətinin təşkili istiqamətində görüləcək işləri də diqqətə çatdırdı. Məruzəçinin sözlərinə görə, cari ildə gənc alimlərin ingilis dili kurslarına cəlb olunması, televiziya proqramlarında çıxışı, intellektual oyunlar, müsabiqələr və olimpiadalarda iştirakı, o cümlədən gənclər arasında müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, asudə vaxtın səmərəli təşkili istiqamətində sosial tədbirlərin, “Yay məktəbi”nin, “ Açıq qapı” günlərinin təşkil olunacağını vurğuladı.

N.Adıgözəlova şuranın gənc alimlərinin bir sıra təltif və mükafatlara layiq görüldüyünü qeyd edərək bildirdi ki, cari ilin fevral ayında institutun elmi işçisi Günay İskəndərli 2018-ci ildəki uğurlu fəaliyyətinə görə AR Gənclər və İdman Nazirliyinin diplomu və AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.